Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 2016-cı ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi

19 iyul 2016 | 16:00

Göygöl Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon toplantısında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı  çıxışından irəli gələn məsul vəzifələr və bölgənin yarımillik sosial- iqtisadi inkişafının yekunları geniş müzakirə olunmuş, ilin ikinci yarısında qarşıda duran məsələlər konkretləşdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Arif Seyidovun hesabat məruzəsində göstərilmişdir ki, ölkə iqtisadiyyatının artan templə inkişaf etməsi, regionlarda da aparılan abadlıq-quruculuq işlərini də sürətləndirmişdir. İlin birinci yarımilində Göygöl rayonunda sosial obyektlərin tikilməsi, abadlıq-quruculuq işlərinin aparılması, mövcud problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
Rayonda 6 ayda 751 yeni iş yeri açılmışdır, bunun da 663-ü daimidir. Ötən dövrdə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 62 milyon 974 min manat olmuşdur. Bunun 30 milyon 962 min manatı (49,2 faiz) istehsal, 32 milyon 12 min manatı (50,8 faiz) isə xidmət sahələrinin payına düşür. Yarımillikdə adambaşına 1009,6 manatlıq məhsul istehsal edilmişdir.
Qeyd edilmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaqlardan, xüsusilə də pay torpaqlarından təyinatı üzrə səmərəli istifadə olunmasına, torpaqların təyinatının dəyişdirilərək qanunsuz tikililər aparılmasının və digər məqsədlər üçün istifadə olunmasının qarşısının alınmasına nəzarət gücləndirilmişdir.
Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 116 subartezian quyusunda cari, 9 subartezian quyusunda əsaslı təmir işləri aparılmışdır. 5 kənddə 8 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.
İlin 6 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 429 min 600 manat çox olmaqla, 19 milyon 596 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bunun da 96,7 faizi qeyri-dövlət sektorunun payına düşür. Bu ilin məhsulu üçün 9976 hektar sahədə payızlıq, 2203,7 hektar sahədə yazlıq səpin aparılmışdır. İndiyədək 5312,9 hektar sahə biçilmiş, 11301 ton taxıl tədarük olunmuşdur.
Rayon ərazisində 2016-cı ilin 6 ayında müxtəlif nazirliklər, komitələr, agentliklər və əhali tərəfindən 920 min 900 manat əsas kapitala investisiya qoyulmuş, bunun da 851 min 400 manatı tikinti quraşdırma işlərinə yönəldilmişdir.
Əhalinin məşğulluğunu təmin etmək və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə ilin 6 ayı ərzində 1336 nəfər iş axtaran Məşğulluq Mərkəzində qeydiyyata alınmış, onlardan 336 nəfəri münasib iş yerləri ilə təmin olunmuş, 28 nəfərə işsiz statusu verilmişdir.
Toplantıda dövlət proqramının icrası ilə bağlı Göygöl şəhərində və digər yaşayış məntəqələrində aparılan genişmiqyaslı tikinti- quruculuq işləri barədə də söhbət açılmış, layihələrin uğurla davam etdirildiyi bildirilmişdir. Qeyd edilmişdir ki, Göygöl rayon Kənd Təsərrüfatı İdarəsinin tikintisi başa çatdırılmış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Göygöl rayon şöbəsi üçün inzibati binanın, müasir tipli otelin, Göygöl rayonunda yerləşən  Respublika Süni Mayalanma Mərkəzinin maddi- texniki bazasını möhkəmləndirmək üçün müasir 40 başlıq kompleksin tikintisi davam etdirilir.
Bu mövsümdə də ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə ağacəkmə kompaniyası davam etdirilmiş, meşə dolaylarında 33 min 370 ədəd ting, şəhər, qəsəbə və kəndlərdə, park və xiyabanlarda, yol kənarlarında 6743 ədəd müxtəlif cins ağac əkilmişdir.
Əhalinin su, elektrik və qaz təchizatını yaxşılaşdırmaq üçün də ardıcıl işlər görülür. Hazırda Yeni Qızılca, Qızılca kəndlərinin və Bəhrəbəy qəsəbəsinin qazlaşdırılması davam etdirilir. Göygöl şəhərinin Hummel, Vidadi, Abdulla Şaiq, Şıxəli Qurbanov küçələrində Mollacəlilli kəndi və Hacıməlik qəsəbəsində su xətlərində təmir işləri aparılmışdır. Firuzabad qəsəbəsində əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə yeni su xətti çəkilişi yekunlaşmaq üzrədir.
Toplantı belə bir inamla yekunlaşmışdır: Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıdan bacarıqla faydalanaraq  rayonda quruculuq işləri, problemlərin aradan qaldırılması bundan sonra da uğurla davam etdiriləcəkdir.

Keçidlər