Sentyabrın 28-də Gəncə şəhərində III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib
29 sentyabr 2025 | 10:12
Bu əlamətdar tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edərək açılış mərasimini izləyiblər.
MDB Oyunları postsovet məkanında gənclər arasında idmanın inkişafına, ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edən mühüm beynəlxalq idman tədbiridir. Açılış mərasimində iştirak edən idmançılar, qonaqlar və tamaşaçılar zəngin mədəni proqram və Azərbaycan mədəniyyətinin elementləri ilə müşayiət olunan maraqlı şou proqram izləyiblər.
Qeyd edək ki, Gəncə şəhəri III MDB Oyunlarının “İdman Paytaxtı” seçilib. Bu qərar MDB-yə üzv dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının Belarusun paytaxtı Minskdə keçirilən iclasında qəbul edilib.
Oktyabrın 8-dək davam edəcək III MDB Oyunlarında yarışlar 12 idman məkanında keçiriləcək və atletlər 23 idman növü üzrə 1694 medal (505 qızıl, 505 gümüş, 684 bürünc) uğrunda mübarizə aparacaqlar. Bundan əlavə, qalib komandaların uğuruna ən çox töhfə verən idmançıların da xüsusi mükafatlarla təltif edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, I MDB Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində, II Oyunlar isə 2023-cü ildə Belarusun paytaxtı Minskdə keçirilib.







