Göygöl rayonunda yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbiri keçirilib
16 iyul 2025 | 19:04
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, FHN Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin İnspektoru daxili xidmət kapitanı Elmar Verdiyev, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Eldar İsmayılov, , 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Direktoru Ramin Lətifov, Göygöl Milli parkının, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, İƏD üzrə icra nümayəndələri və bələdiyyələri iştirak etmişdir.
Çıxışlarda yay mövsümündə meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsinin əhəmiyyətli dərəcədə artdığı vurğulanmış və bunun qarşısını almaq üçün görülən tədbirlər barədə geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, yüksək temperatur, quraqlıq və insan amili meşə yanğınlarının baş vermə riskini daha da artırır. Bu səbəbdən kövşən sahələrinin yandırılmaması, yolkənarı və meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınması, yol və meşə kənarlarında yanğın təhlükəsizliyi ilə bağlı məlumatverici lövhələrin yerləşdirilməsi, maarifləndirmə işlərinin davam etdirilməsi xüsusi vacibdir.
Həmçinin bildirildi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən hər il yay mövsümü ilə əlaqədar genişmiqyaslı tədbirlər planı həyata keçirilir. Meşə və meşəətrafı ərazilərdə patrullar təşkil olunur, riskli sahələrdə daimi nəzarət gücləndirilir, quru ot və bitki qalıqlarının yığışdırılması üçün yerli qurumlarla birgə tədbirlər görülür. Bununla yanaşı, yanğınsöndürmə texnikası və inventarlar mütəmadi olaraq mövcudluq və işlək vəziyyət baxımından yoxlanılır. Eyni zamanda əhali arasında yanğın təhlükəsizliyi qaydalarına dair maarifləndirici söhbətlər, görüşlər keçirilir, meşə yolları və istirahət məkanlarında xəbərdarlıq lövhələri və təhlükə səviyyəsini göstərən plakatlar quraşdırılır. Televiziya, radio, sosial şəbəkələr və digər informasiya vasitələri üzərindən də yanğın təhlükəsizliyi ilə bağlı geniş təbliğat aparılır, xüsusi xəbərdarlıq xarakterli çağırışlar edilir, videoçarxlar nümayiş olunur.
Tədbirin yekununda aidiyyəti nümayəndələrə yerlərdə sahibkar və fermerlərə yanğından mühafizə tədbirləri barədə məlumat verməsi və əhali arasında bu sahədə maarifləndirmə işlərinin intensivləşdirilməsi tapşırıldı.







