Göygöl rayonunda qəhvəyi mərmər bağacığına qarşı mübarizə və zərərvericinin qışlama dövrünə hazırlıq mövzusunda tədbir keçirilib
30 sentyabr 2025 | 17:10
Göygöl Rayon İcra Hakimiyyəti və Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirlər Kabinetinin 30 dekabr 2022-ci il tarixli, 819s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”na uyğun olaraq qəhvəyi mərmər bağacığına qarşı mübarizə və zərərvericinin qışlama dövrünə hazırlıq mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Mərkəzin rəisi Ceyhun İbrahimov, bələdiyyə sədrləri, yerli icra nümayəndələri və fermerlər iştirak ediblər.
Tədbiri Arzu Qocayev açaraq çıxışında kənd təsərrüfatının inkişafında belə görüşlərin əhəmiyyətini vurğulayıb. O, zərərvericiyə qarşı mübarizə tədbirlərində birgə fəaliyyətin vacibliyini qeyd edib, mövcud problemlərin həlli istiqamətində əməkdaşlığın əhəmiyyətli olduğunu bildirmişdir.
Ceyhun İbrahimov çıxışında zərərvericinin kənd təsərrüfatına vurduğu iqtisadi itkilər barədə ətraflı məlumat verib, həmçinin ölkə üzrə icra edilən tədbirlər barədə danışıb. O, eyni zamanda, qışlama dövründə tətbiq ediləcək mübarizə üsullarını izah edərək, fermerlərin diqqətinə vacib tövsiyələr çatdırıb.
Tədbir zamanı fermerlərin qarşılaşdıqları çətinliklər dinlənilib, onların sualları cavablandırılıb və mütəmadi olaraq dəstəyin davam etdiriləcəyi vurğulanıb.
Qeyd olunub ki, 2025-ci il ərzində Mərkəzin əməkdaşları tərəfindən 4267 nöqtədə qışlama müşahidələri aparılıb, 13079 feromon tələ quraşdırılıb və 450 kütləvi aşkarlanma məntəqəsində təhlükəsizlik qaydalarına əməl olunmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib.







