Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda prokurorluq orqanlarının yaranmasının 107 illiyi və prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

01 oktyabr 2025 | 12:17
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il iyulun 17-də imzaladığı Sərəncama əsasən hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü qeyd olunur. Bu əlamətdar günün təsis olunması Azərbaycan prokurorluğunun dövlətçilik tarixindəki mühüm rolunun, qanunçuluğun və ədalətin təmin olunmasında xüsusi əhəmiyyət daşıyan fəaliyyətinin yüksək qiymətləndirilməsinin göstəricisidir. 1918-ci ilin məhz bu tarixində Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə olaraq milli prokurorluq orqanı yaradılmışdır. Bu mühüm hadisə hüquqi dövlət quruculuğunun təməl sütunlarından biri sayılır.
Hazırda Azərbaycan Prokurorluğu öz fəaliyyətini müasir çağırışlara uyğun olaraq qurur, insan hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması istiqamətində üzərinə düşən vəzifələri peşəkarlıqla və məsuliyyətlə yerinə yetirir.
Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Göygöl Prokuroru Rəsul Həsənov və prokurorluğun əməkdaşları, eyni zamanda rayonun hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbərləri İcra Hakimiyyətinin inzibati binasının qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Bu əlamətdar gündə bütün prokurorluq işçilərini peşə bayramları münasibətilə təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.
Keçidlər