Göygöl rayonunda "Müasir dövrdə gənclər arasında radikalizm və ekstremizm meylləri" mövzusunda maarifləndirici görüş keçirilib
14 iyul 2025 | 18:11
Göygöl rayonunda "Müasir dövrdə gənclər arasında radikalizm və ekstremizm meylləri" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, Gənclər və İdman Nazirliyinin vətənpərvərlik sektorunun müdiri Elşən Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən bölməsinin müdiri Həsən Məmmədov, idarə və təşkilatların əməkdaşları, fəal rayon gəncləri iştirak edirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra "Heydər Əliyev və din siyasəti" adlı qısa videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edənlər Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar. Tədbirdə həmçinin dini radikalizmin mahiyyəti, radikalizmi yaradan səbəblər, fəsadları və onların aradan qaldırılması, gənclərin bu kimi hallardan qorunması yolları barədə ətraflı məlumat verilib.
Mövzu ilə bağlı ətraflı çıxışlardan sonra "Regionda dini radikalizmə qarşı təkliflər" adlı qrup işləri təqdim edilib. Sonda iştirakçılar birgə əməkdaşlığın gücləndirilməsinin və dini radikalizmə qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin aktiv iştirakının, maarifləndirmə tədbirlərinin çoxaldılmasının vacibliyini vurğulayıblar.







