Göygöl rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Vətəndaşların müraciət etmək hüququnun təmini” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib
26 avqust 2025 | 13:49
Göygöl Rayon İcra Hakimiyyətinin və Ombudsmanın Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Göygöl Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Vətəndaşların müraciət etmək hüququnun təmini” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova “Konstitusiya və Suverenlik İli” çərçivəsində Göygöl rayonunda da silsilə maarifləndirmə tədbirlərinin həyata keçirildiyini, bu kontekstdə vətəndaşların müraciət etmək hüququnun mühüm konstitutsion hüquqlardan biri olduğunu diqqətə çatdıraraq qeyd olunan mövzuda keçirilən hüquqi maarifləndirmə tədbirinin əhəmiyyətini vurğulamışdır.
Tədbirdə çıxış edən Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik aktları, “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunlarının müddəaları barədə iştirakçılara ətraflı məlumat vermiş, müraciətərə baxılmasının əsas prinsiplərini, müraciətə dair tələbləri, yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydasını və müddətlərini diqqətə çatdırmışdır.
Tədbir iştirakçılarına həmçinin Ombudsman təsisatı haqqında ətraflı məlumat verilmiş, Ombudsman aparatında ərizə şikayətlərə baxılması qaydaları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq konvensiyalarda təsbit etdilmiş hüquqların təmin edilməsində Ombudsman təsisatının aktiv rolu, həmçinin Müvəkkilin səlahiyyətləri, Ombudsmanın regional mərkəzləri, 916-saylı Çağrı Mərkəzinin fəaliyyəti diqqətə çatdırılmış, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.







