Göygöl rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə dəyirmi masa təşkil olunub
26 iyun 2025 | 17:20
Göygöl Rayon Heydər Əliyev Mərkəzində “Müzəffər ordumuz suverenliyimizin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, YAP Göygöl rayon Təşkilatının sədri Vüqar İsayev, müharibə veteranları, ümumtəhsil məktəblərinin hərbi rəhbərləri, mədəniyyət işçiləri, QHT nümayəndələri və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar. Sonra Heydər Əliyev muzeyi ekskursiya olunub. Dəyirmi masada Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra 26 İyun Silahlı Qüvvələr Gününə həsr olunmuş videçarx təqdim olunub. Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycan Ordusunun əsası 1918-ci ilin 26 iyununda - Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. O zamandan bu günə qədər Azərbaycan Ordusu keşməkeşli, lakin şanlı bir inkişaf yolu keçmişdir. Müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ordu quruculuğu sistemli və strateji istiqamətdə inkişaf etdirildi. Bu siyasi kurs bu gün də cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü və ən peşəkar ordularından biri kimi tanınır. 2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu öz gücünü, çevikliyini və yüksək döyüş qabiliyyətini bir daha sübut etdi. Qarabağ və ətraf rayonların işğaldan azad olunması, tariximizin qəhrəmanlıq səhifələrindən biri kimi daim xatırlanacaq. Ordumuz yalnız müharibə dövründə deyil, sülh və təhlükəsizlik naminə də daim ayıq və hazır vəziyyətdədir. Hərbi qulluqçularımızın fədakarlığı, Vətənə sədaqəti və döyüş ruhu hər birimiz üçün örnəkdir.