Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı tədbir keçirilmişdir

15 iyul 2025 | 14:45
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nın 5.1.2.9-cu bəndində 2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı tədbir öz əksini tapır. Bu Sərəncamın icrası olaraq "2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli, 357 nömrəli Qərarı ilə ölkə üçün müstəsna əhəmiyyətə malik olan bu tədbirin 2025-ci ilin 15 iyul-15 avqust tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur.
Göygöl rayonunda 2025-ci ilin 15 iyul-15 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Göygöl rayon Statistika idarəsinin rəisi Rüzigar Həsənov, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, Göygöl Rayon İcra Hakimiyyəti başçısının İƏD üzrə nümayəndələri, bələdiyyələr, təlimatçılar və sayıcılar iştirak etmişdir.
İştirakçıların diqqətinə çatdırılmışdır ki, siyahıyaalınma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsi, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılması məqsədlə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə yardım komissiyası yaradılmışdır. Komissiya tərəfindən siyahıyaalınma ilə əlaqədar məsul şəxslərə aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilmiş, işlərin vaxtında və dürüst aparılmasının vacibliyi vurğulanmışdır.
Keçidlər