Göygöl rayonunda Dövlət Suverenliyi Gününə həsr olunmuş “Azərbaycanın Suverenliyi: Tarixi Zəfərlərdən Hüquqi Təminatlara və Strateji Hədəflərə Doğru” mövzusunda dəyirmi masa keçirildi
20 sentyabr 2025 | 10:05
“Konstitusiya və Suverenlik İli” çərçivəsində, 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Gənclər Evində baş tutmuş dəyirmi masada Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, YAP Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev, yerli dövlət qurumlarının əməkdaşları, tarixçilər, təhsil müəssisələrinin nümayəndələri və QHT-lər iştirak etmişlər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra 20 sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx təqdim olunmuşdur.
Dəyirmi masa çərçivəsində çıxış edən natiqlər Azərbaycanın tarixi dövrlərdə suverenlik uğrunda apardığı mübarizə, 1991-ci ildə müstəqilliyin bərpası, 2020-ci ildə əldə olunmuş Zəfər və 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkənin tam suverenliyinin təmin olunması haqqında geniş məlumat vermişlər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan yalnız hərbi-siyasi cəhətdən deyil, hüquqi və institusional baxımdan da öz suverenliyini möhkəmləndirmiş, müasir dövrün çağırışlarına cavab verən güclü dövlətə çevrilmişdir. Eyni zamanda, post-münaqişə dövründə reinteqrasiya, dayanıqlı inkişaf və milli təhlükəsizlik strategiyası kimi istiqamətlərdə həyata keçirilən islahatlar ölkənin strateji hədəflərinə doğru inamla irəlilədiyini göstərir.
Tədbir iştirakçıları dəyirmi masa müzakirələrində fəal iştirak etmiş, suallar və təkliflərlə çıxış etmişlər.







