Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirilib

27 sentyabr 2025 | 16:00
27 Sentyabr - Anım Günü ilə bağlı suveren Azərbaycanın hər bir yerində olduğu kimi, Göygöl rayonunda da silsilə tədbirlər həyata keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və Göygöl şəhər Şəhidlər Xiyabanında Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ümumrayon tədbiri təşkil olunub. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonun hüququ-mühafizə orqanlarının və digər təşkilatların rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər, müharibə iştirakçıları, ağsaqqallar, ziyalılar və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiramını ifadə edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabr tarixində Qarabağda başladığı və xalqımızın milli həmrəyliyinin təcəssümü olan uğurlu əks-hücum əməliyyatı nəticəsində qazanılan Qələbə tarixdə əbədi qalacaqdır. Çıxış zamanı qeyd edilmişdir ki, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmiş, işğal altındakı torpaqlarımız azad olunmuşdur. Bununla da həm ədalət, həm də beynəlxalq hüquq bərpa edilmişdir.
Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət olaraq tarix səhnəsində öz layiqli yerini daha da möhkəmləndirəcəkdir.
Sonra Şəhidlərin ruhuna dualar oxunub, saat 12:00-da igid Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Şəhid məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb.
Keçidlər