Göygöl rayonunda 26 İyun Silahlı Qüvvələr Günü qeyd edilib
26 iyun 2025 | 14:15
Azərbaycan Ordusunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə qoyulmuşdur. Bu tarix, xalqımızın ilk milli və müstəqil ordusunun yaradılması ilə tarixə düşmüş, 1998-ci ildən etibarən isə respublikamızda rəsmi olaraq Silahlı Qüvvələr Günü kimi qeyd olunmağa başlamışdır. Əfsuslar olsun ki, cəmi 23 ay yaşamış Cümhuriyyətin süqutundan sonra ordu quruculuğu yarımçıq qalmışdı. Lakin milli hərbi ruh yaşadı, qorundu və 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan bu tarixi missiyanı yenidən öz üzərinə götürdü. Ordu quruculuğunun sistemli mərhələyə keçidi isə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə baş verdi. Məhz Ulu Öndərin rəhbərliyi altında Silahlı Qüvvələrimiz dövlət nəzarətinə alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, zabit hazırlığı və hərbi idarəetmədə yeni əsaslar qoyuldu. Bu strateji xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir texnika ilə təchiz olundu, müdafiə sənayesi quruldu, xüsusi təyinatlı və komando birlikləri yaradıldı, zabit və əsgərlərin sosial rifahı gücləndirildi. Bu siyasətin parlaq nəticəsini isə biz 2020-ci ilin Vətən Müharibəsində - 44 günlük Qələbədə gördük. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı - torpaqlarımız işğaldan azad edildi, xalqımızın qüruru və dövlətimizin suverenliyi bərpa olundu.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü, peşəkar və döyüş qabiliyyətli ordularından biridir. Bu ordu təkcə silah gücü ilə deyil, xalqın sevgisi, şəhidlərin ruhu və vətənə sarsılmaz bağlılıq ilə möhkəmlənmişdir. Bu yolda canını Vətən uğrunda fəda etmiş bütün şəhidlərimizi rəhmətlə anır, qazilərimizə ehtiramımızı bildiririk. Onların göstərdiyi qəhrəmanlıq nəsillərə örnək, millətimizə güc mənbəyidir.
26 İyun Silahlı Qüvvələr Günü münasibəti ilə Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin abidəsi və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin məzarları ziyarət edilərək üzərinə gül dəstələri düzülüb, unudulmaz xatirələri hörmət və ehtiramla yad edilib. Ziyarətdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, hərbi hissə komandiri və digər qurumların nümayəndələri iştirak ediblər.