Göygöl rayonunda “14 İyul Azərbaycanın inkişaf mərhələsinin başlanğıc tarixidir” mövzusunda dəyirmi masa keçirilib
14 iyul 2025 | 21:41
Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, ağsaqqallar, təhsil və mədəniyyət işçiləri, Vətən müharibəsi iştirakçıları, YAP fəalları və gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib. Sonra iştirakçıların Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən guşəyə baxış keçirilib.
Dəyirmi masada əvvəlcə Ümumilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlərindən söhbət açaraq qeyd ediblər ki, Ulu Öndərin 1969-cu il 14 iyulda siyasi hakimiyyətə gəlişinin Azərbaycan SSRİ-də sabitliyin təmin olunması, iqtisadi və sosial yüksəlişin əsasının qoyulması, eləcə də müstəqil dövlətçiliyin ideya-siyasi təməli kimi Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycanın müstəqil gələcəyini düşünən dahi şəxsiyyət Heydər Əliyev məhz o illərdə Azərbaycanın bu günü üçün möhkəm təməl yaratdı. Belə ki, Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi, hərbi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, Azərbaycan dilinin dövlət dili statusu qazanması və sair kimi biri-birindən mühüm strateji addımlar Ümummilli Liderin respublikamızın gələcəyi ilə bağlı təsəvvürlərinin aydın mənzərəsini təqdim etdi. Məhz həmin dövrdə yaradılan möhkəm baza Ulu Öndərin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın daha da inkişaf etdirilməsində əsas rol oynadı. Çıxış edən ağsaqqallar və ziyalılar həmin dövrlə bağlı xatirələrini bölüşdülər və bildirdilər ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarıdır.
Həmçinin vurğulandı ki, Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyev dahi şəxsiyyətin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi “Mən ona özüm qədər inanıram.” əminliyini atdığı addımları ilə doğrultdu, ata vəsiyyətini layiqincə yerinə yetirdi. Bu gün Müzəffər Ali Baş Komandanın qətiyyəti, yüksək idarəçilik qabiliyyəti sayəsində Ulu Öndərin arzuları gerçəyə çevrilib, Azərbaycan regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan dövləti kimi böyük nüfuz qazanıb.
Sonda müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.







