Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev müsabiqə qalibləri ilə görüşüb
03 iyul 2025 | 11:50
Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsinin respublika turunda II yerə layiq görülmüş Göygöl rayonu Quşqara kənd tam orta məktəbin XI sinif şagirdi Fatimə Seyidova, Respublika Fənn Olimpiadasının biologiya fənni üzrə bürünc medal qazanmış Göygöl şəhəri 5 nömrəli tam orta məktəbin lX sinif şagirdi Fatimə Əsgərova, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası, eləcə də "Kenquru" Beynəlxalq Riyaziyyat Müsabiqəsində uğurla iştirak edərək gümüş və bürünc medalı qazanmış Göygöl şəhəri 4 nömrəli tam orta məktəbin V sinif şagirdi Mustafa Əliyev, Göygöl rayonu üzrə Təhsil sektorunun müdiri Elnur Qasımov, ATİAHİ Göygöl rayon Komitəsinin sədri Elnur Hacıyev iştirak ediblər.
Görüşdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev şagirdləri təbrik edərək, qalib olduqları müsabiqə və olimpiadaların yüksək səviyyəli elmi bilik, məntiqi təfəkkür və analitik bacarıq tələb etdiyini, bu yarışlarda göstərilən nəticələr təkcə fərdi zəfər deyil, rayonumuzun intellektual potensialının bariz nümunəsi olduğunu, gələcəyimiz olan gənclərimizin sağlam, savadlı və vətənpərvər olmasına böyük önəm verildiyini vurğulayaraq, istedadlı şagirdlərin aşkara çıxarılması, dəstəklənməsi və inkişafı üçün bundan sonra da lazımi dəstək göstəriləcəyini diqqətə çatdırıb.
Yekunda qalib şagirdlərə hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.