Göygöl Rayon İcra Hakimiyyətində “26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş tədbir keçiriib
25 iyun 2025 | 11:50
Göygöl Rayon İcra Hakimiyyətində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının "Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü"nə həsr olunmuş tədbiri baş tutub. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Komissiya sədri Kəmalə İbrahimova, Komissiya üzvləri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, həmçinin din xadimi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kəmalə İbrahimova narkomaniyanın insan sağlamlığına vurduğu zərərlərdən, onun fəsadlarından və mübarizə yollarından bəhs edərək, valideynlərin və müəllimlərin gənc nəslin tərbiyə və maarifləndirilməsindəki əhəmiyyətli rolunu, hüquq-mühafizə orqanlarının bu mübarizədəki vacib iştirakını vurğulayıb. Daha sonra Komissiya üzvləri çıxış edərək, yeniyetmə və gənclərin narkomaniyaya qurşanmasının onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, şəxsiyyət pozğunluğuna, sosial tarazlığın pozulmasına, cinayətkar meyllərin yaranmasına və ən əsası sağlamlıqlarının ciddi təhlükə altına düşməsinə səbəb olduğunu diqqətə çatdırıblar. Onlar narkomaniya ilə birgə mübarizə aparmağın vacibliyini xüsusi olaraq qeyd ediblər.







